Vətəndaş Həmrəyliyi Partiyası zamanın tələbi ilə yaranıb
VHP 26 SENTYABR 1992-Cİ İLDƏ TƏSİS EDİLİB
1988-ci ildə başlayan Azərbaycanın Milli Azadlıq Hərəkatı istədiyi hədəfə – Azərbaycan Respublikasının müstəqilliyinə nail olduqdan sonra yeni dövlətin iqtisadi inkişafı, azad, demokratik cəmiyyətin yaradılması, şəffaf seçkilərə nail olmaq və beynəlxalq demokratik təsisatlara inteqrasiya zərurəti yarandı ki, bu da özlüyündə ölkənin rifahını müxtəlif ideyalarda görən şəxslərin ayrı-ayrı siyasi qurumlarda mübarizəsini şərtləndirirdi. Başqa sözlə desək, ayrı-ayrı siyasi dünyagörüşə malik olan insanları Milli Azadlıq Hərəkatında yalnız bir ideya – Azərbaycanın müstəqilliyi ideyası birləşdirmişdi. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası haqqında Akt qəbul edildikdən sonra isə müstəqil ölkənin siyasi institutlarının formalaşması prosesi başlandı. Və 1992-ci ildən başlayaraq müxtəlif ideyaları özündə ehtiva edən siyasi qurumlar yarandı. Hüquqi münasibətlər və siyasi etika çərçivəsində fəaliyyət göstərən siyasi institutların yaranması və hakimiyyət mübarizəsinə qatılması ölkənin iqtisadi inkişafı, fikir və söz azadlığı, seçkilərin ədalətli və şəffaf keçirilməsi baxımından uğurlu hal kimi qiymətləndirilə bilədi. Ancaq nəzərə almaq lazımdır ki, siyasi partiyaların çoxluğu və yenicə müstəqillik əldə edən, icra strukturlarını təkmilləşdirməyə imkan tapmamış Azərbaycanda siyasi partiyaların çoxluğu və bu çoxsaylı partiyaların siyasi institutlar səviyyəsində hələ formalaşmamasından doğan xaotiklik ermənilərlə müharibə şəraitində yaşayan ölkədə ciddi təhlükəli meyllərin yaranmasıyla nəticələndi. Ordunun tam qurulmadığı, könüllü özünümüdafiə batalyonlarının bir mərkəzə tabe olmadığı və mərkəzləşmiş hakimiyyətin formalaşmadığı bir dövrdə xalqın lokomotivi sayılan insanların siyasi mübarizə yollarının ayrılması və fikir müxtəlifliyinin güclənməsi fəsadsız ötüşə bilməzdi və həmin fəsadları yaşamaq taleyimizə yazılıbmış. Millət vəkili Sabir Rüstəmxanlı məhz bu ərəfədə gözlənilən təhlükələri hiss etdiyindən, eyni zamanda, bu günə kimi Azərbaycanı həm mənəvi, həm də coğrafi baxımdan parça-tikə edən tarixi səhvlərimizdən nəticə çıxararaq, vətəndaş həmrəyliyi ideyasının tərəfdarlarını bir araya gətirdi və 1992-ci il sentyabr ayının 26-da Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Birinci təsis qurultayını keçirdi. Bu dövrdə müxtəlif siyasi partiyaların hakimiyyət naminə istənilən vaitəyə əl atması, silahlı müxalifətin mövcudluğu, siyasi rəqabətin düşmənçilik səviyyəsinə çatması Azərbaycanın müstəqilliyinin fvciəli sonluğuna gətirib çıxara bilərdi. Siyasi qurumların və liderlərin şəxsi ambisiyalarının əlində alətə çevrilən silahlı qruplaşmalar isə Dağlıq Qarabağda erməni silahlıları ilə müharibədən yayındırılır, siyasi mübarizənin vasitəsinə çevrilirdilər. Eyni zamanda, xarici kəşfiyyat orqanlarının maliyyə və ideoloji dəstəyi ilə Azərbaycanın cənub regionunda talış, şimalında ləzgi, qərbində isə kürd separatçılarının aktivləşməsi ilə faktiki olaraq ölkənin parçalanması təhlükəsi yaranmışdı. Bütün bəlalardan və bölgədə olan rus hərbi kontingentinin bazasından və canlı qüvvəsindən istifadə edərək Azərbaycan torpaqlarını bir-birinin ardınca işğal edən Ermənistan dövlətinin hərbi hücumundan müdafiənin, ölkənin xilasının yeganə yolu Vətəndaş Həmrəyliyindən, Milli Birlikdən keçirdi. Əslində, tarix sübut etmişdir ki, vətəndaşların həmrəyliyinə bütün zamanlarda ehtiyac var və millətin rifahı, kənar təcavüzlərdən qorunması yalnız milli birlikdən asılıdır. Ancaq həmin dövrdə bu ideya ölkənin xilası üçün qaçılmaz zərurətə çevrilmişdi. 1992-ci il sentyabrın 26-da Gənc Tamaşaçılar Teatrının binasında keçirdiyi təsis qurultayında Vətəndaş Həmrəyliyi Partiyasının sədri seçilən Sabir Rüstəmxanlı öz məruzəsində bu ideologiyanın mahiyyətini, partiyanın yaranma zərurətini, strateji hədəflərini açıqlamış, eyni zamanda, dövrün siyasi və ictimai mənzərəsini ortaya qoymuşdu.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının VHP-nin təsis qurultayındakı məruzəsi:
«Əziz dostlar, xanımlar və bəylər!
Yeni partiyaların, siyasi qrupların yaranması, xalq arasında birmənalı qəbul edilməsə də, yeni bir parçalanma kimi narahatlıq doğursa da, hər halda ictimai fikir və mübarizə tariximizdə ciddi hadisədir və biz bu gün bu gözəl salona həmin hadisənin iştirakçıları olaraq yığışmışıq. Bu salona baxanda istər-istəməz 1989-cu ilin yayında Abşeronu dolaşa-dolaşa gəlib 8-ci mikrorayona çıxmağımızı və nə məqsədlə tikildiyi bəlli olmayan, anbarabənzər bir yerdə AXC-nin təsis konfransını keçirdiyimizi xatırlayıram. İndi siyasi partiyaların və cəmiyyətin istifadə etdiyi gözəl salonların, iqamətgahların həmin o həyat tikilisiylə müqayisəsi son üç ildə keçdiyimiz yolu göstərmək baxımından çox maraqlıdır. O salona xalq hərəkatının nüvəsi toplanmışdı; sonrakı bütün qurumlar o ideya nüvəsindən, o kökdən qopmadır və istəyirəm söhbətimizin əvvəlində Azərbaycan demokratik hərəkatının iştirakçıları olan, 1988-ci ildən bəri mübarizədə bərkiyib mətinləşən bütün dostlarımızı, çiyin yoldaşlarımızı, cəbhədaşlarımızı, iqtidarda və ya müxalifətdə dayanmasından asılı olmayaraq, minnətdarlıqla yada salaq, bu qurultayan da müəyyən mənada həmin birgə mübarizənin nəticəsi olduğunu etiraf edək və onların hamısına – burada iştirak edənlərə də, etməyənlərə də cansağlığı, azadlıq ideyalarımıza sonadək sadiqlik arzulayaq! Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir. Amma bir məsələ var ki, ilkin romantizmlə sonuncu reallığın doğurduğu tələblər arasında müəyyən bir bənzəyiş də müşahidə edilir. Xalqların azadlıq mübarizəsi tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ya ən radikal yol tutanlar da, müəyyən məsafə keçib beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: MƏMLƏKƏTİN QURTULUŞU YALNIZ HƏMRƏYLİKDƏDİR! Başqa dillə desək, vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil – nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə Müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə Doğru Yoldan, nə Ana Vətən qoruna bilər, nə Ana Torpaq… Mən mövcud partiyaların adını çəkməklə hələ ilk addımlarını atan təşkilatımızı onlara qarşı qoymaq istəmirəm, sadəcə olaraq, ümumi məqsədimizə doğru yolda gələcəkdə hansı ideyanın aparıcı rol oynayacağını xatırlatmaq istəyir, arzu edirəm ki, bu, bizim siyasi partiyalar arasında münasibətlərin təməl daşı olsun. Bu, tarixi təcrübədən doğan arzudur və mən bunu təşkilatın təmsilçisi kimi yox, bir azərbaycanlı, bir vətəndaş kimi deyirəm!.. Bir çox siyasi partiya və qurumların mövcud olduğu, respublikada fəal qüvvələrin çoxunun yaranmış partiyalar ətrafında birləşdiyi bir vaxtda, yəni siyasi həyatda iştirak etmək istəyən adam üçün zahirən problem qalmadığı bir şəraitdə – yeni partiyanın meydana çıxması, adımızdakı dinc mərama baxmayaraq bizdən tələb edir ki, həmin partiyalara münasibətimizi aydın göstərək və hansı zərurətdən doğulduğumuzu bildirək. Əvvəla, partiyaların bir qismi xalq hərəkatının kütləviliyinə ehtiyac olan bir vaxtda yaranmışdı, məqsədli və ya məqsədsiz şəkildə, hər halda, hərəkatda qüvvələrin parçalanmasına səbəb olmuşdu, bəziləri isə, açıq-aşkar köhnə rəhbərliyin xalq hərəkatına qarşı mübarizə vasitəsinə, ruporuna dönmüşdü. İkincisi, partiya adlanan bəzi qurumlar Xalq Cəbhəsindən küsüb gedənlərin «baxın, biz varıq!» iddiası ilə, daha çox şəxsi münasibətlər əsasında, məhdud maraqla yaranıb: heç bir ciddi siyasi-elmi nəzəriyyəyə əsaslanmır, arxalandığı ictimai qüvvələr, məqsəd və mübarizə vasitələri aydın deyil. Üçüncüsü, zahirən güclü görünən, kifayət qədər yetkin məramnamələri olan siyasi qurumlar da var ki, məramına sadiq deyil, xalqı böyük vədlərlə başına toplayanların çoxu işdə milli birliyi parçalayan dağıdıcı qüvvələrə çevrilir, xalqın böyük taleyi müəyyən qurumların qumarına qoyulur, ölüb getməli olanların çoxu gözəl adlar və gözəl şüarlar altında yenidən dirilir. İmperiya zəhəri ilə zəhərlənmiş, Azərbaycanın mənəvi, iqtisadi gücünə inanmayan, onun müstəqilliyindən qorxan adamlar cildlərini dəyişib gizli bir ümidlə 1920-ci ilin aprel faciəsinin təkrarlanmasını gözləyirlər. Dördüncüsü, ən ciddi narahatlıq doğuran – yerliçilik, tərəfkeşlik fikriylə, bölgəçilik, etnik mənsubiyyət prinsipiylə yaradılan siyasi qurumlardır. Moskvanın köhnə siyasətinə qol-qanad verən, Azərbaycanı vətəndaş müharibəsinə, etnik qarşıdurmalara və nəyahət, parçalanmaya aparıb çıxara bilən ziddiyyətlər, qeyri-ixtiyari, öz təşkilatlarımızın əli ilə körüklənir. Təəssüf ki, xalq arasında hörməti olan bəzi partiya liderləri öz halal şöhrətlərini əyri qüvvələrin istifadəsinə verir, milli ideyaya və ictimai hərəkata heç bir dəxli olmayan nə qədər bataqlıq canlısına havadarlıq etdiklərini və cəmiyyəti hara apardıqlarını özləri də bilmirlər. Partiyalaşma prosesi bizdən asılı olmadan gedir. Və bizdən asılı olmadan, çox təəssüf ki, siyasi mədəniyyətin aşağı olması mübarizəni demokratiya müstəvisindən çıxarır, opponentlərin dialoquna getdikcə daha çox düşmənçilik, barışmazlıq və nəticədə sabitliyə imkan verməyən notlar qarışır. Hərdən adama elə gəlir ki, biz hamımız tarixin hansı dönəmində yaşadığımızı və çiynimizə hansı məsuliyyət düşdüyünü unutmuşuq. Yeniləşmə prosesi, azadlıq yolu hər yerdə çətindir. Bizdə bu yolun ayrı özəllikləri var. Eyni zamanda, bir neçə proses yanaşı gedir: Birincisi, siyasi sistemin dağılması; İkincisi, iqtisadi münasibətlərin yenidən qurulması; Üçüncüsü; bu hərəkatın doğurduğu ictimai-mənəvi mühit və psixoloji sarsıntılar; Dördüncüsü – ən mürəkkəbi, Ermənistanla müharibə və onun nəticələri.
Bu qədər çətin yükün altında xalqı müvazinətini itirməkdən qorumaq lazımdır, onun hərəkətə gəlmiş mübarizə əzmindən sağlam olmayan niyyətlər üçün istifadə etmək bağışlanmaz. Xalq hərəkatının dalğasında gəlib, xalqın dərd siminə toxuna-toxuna ürəyinə girib, sonra ona yara vurmaq dünyanın ən böyük günahıdır. İyirminci yüzildə ikinci dəfə müstəqillik imkanı qazanmış Şimali Azərbaycanın əlindən bu imkanı almaq, bizi müharibə və aclıqla diz çökdürmək istəyirlər. Belə bir vaxtda ən böyük düşmən daxili çəkişmələr, bölücülük meyli, milli həmrəyliyin olmamasıdır. Buna görə də həmrəylik, bir-birinə dözümlü münasibət, respublika üçün ölüm-dirim məsələsidir, müstəqilliyimizin, istiqlalımızın, bir sözlə, gələcəyimizin bünövrə daşıdır. Əlbəttə, sual doğa bilər ki, təbəqələşmənin davam etdiyi, keçid dövrünün hakimiyyətsizliyindən istifadə edən müəyyən dəstələrin respublikanın talanan sərvəti hesabına sürətlə varlandığı, böyük əksəriyyətin isə həyat minimumundan aşağı səviyyədə yaşadığı, işsizlər ordusunun sayının milyonu aşdığı, yüz minlərlə qaçqının sabahkı taleyinin hələ də sual altında qaldığı bir vaxtda hansı vətəndaş həmrəyliyindən söhbət gedə bilər?! Sarayda yaşayanla özünə daldanacaq tapa bilməyən və ya kardon quramalarının arasında gün keçirənlərin həmrəyliyini necə təsəvvür etmək olar?!
|