Bütöv Azərbaycan Türk Dünyası Diaspora Soyqırım Qan yaddaşı
 
 
Ana səhifə
VHP haqqında
Nizamnamə
Məramnamə
Rəmzlər
VHP sədri
Rəhbərlik
Ali Məclis
MNTK
Mərkəzi Aparat
Mətbuat Xidməti
Gənclər Təşkilatı
Qadınlar Təşkilatı
Rayon Təşkilatları
VHP Fəalları
VHP-yə üzvlük
Foto qalereya
Seçkilər
Əlaqə
Bakı-Təbriz  

DAK  

Hava  
Məzənnə  
Sayğac  




Linklər  
Ünvan  
Ünvan:
Əbdülkərim Əlizadə küçəsi 9,
Azərbaycan, Bakı.
Telefonlar:
(+994 12) 493-71-45
(+994 12) 493-66-22
Fax:
(+994 12) 493-71-45
Xeber ucun  

VƏTƏNDAŞ  HƏMRƏYLİYİ  PARTİYASININ

NİZAMNAMƏSİ

I. Ümumi Müddəalar

       Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Azərbaycanda müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ətrafında milli və dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, bütün təbəqələrdən olan Azərbaycan vətəndaşlarını birləşdirən parlament tipli siyasi partiyadır.
     VHP öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Siyasi partiyalar haqqında» Qanunu və digər qanunvericilik aktları, beynəlxalq hüquq normaları, öz Məramnaməsi və bu Nizamnamə əsasında qurur. Könüllülük, partiya üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq VHP-nin təşkili və fəaliyyətinin başlıca prinsipləridir.
VHP-nin ideoloji prinsipləri, fəaliyyətinin müxtəlif sahələrində qarşısına qoyduğu vəzifələr partiyanın Məramnaməsində əks etdirilir.
VHP öz siyasi fəaliyyətində aşağıdakı formalardan istifadə edir:
ictimai rəyin formalaşmasına təsir göstərmək;
öz üzvlərinin siyasi fəallığına rəvac vermək;
vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürmək;
bu Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək;
siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək;
elmi konfranslar, seminarlar, diskussiyalar keçirmək və ya onların işində iştirak etmək.
     Qarşısına qoyduğu vəzifələri həyata keçirmək və öz ali məqsədinə nail olmaq üçün VHP:
-məqsəd və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
-könüllülük əsasında siyasi bloklar, ittifaqlar, birliklər yaratmaq;
-beynəlxalq ictimai (qeyri-hökumət) birliklərə daxil olmaq, birbaşa beynəlxalq əlaqələr -saxlamaq və müvafiq sazişlər bağlamaq;
 -Azərbaycan Respublikasının seçkili dövlət orqanlarına seçkilərdə və icra hakimiyyəti orqanlarının formalaşmasında demokratik yolla (müstəqil surətdə, başqa partiyalar ilə blok və ya ittifaqda) iştirak etmək;
-dövlət orqanları qərarlarının hazırlanmasına demokratik yolla təsir göstərmək;
-dövlət orqanlarında və ictimai orqanlarda öz üzvlərinin mənafelərini təmsil etmək və hüquqlarını qorumaq;
-kütləvi informasiya vvasitələri təsis və nəşr fəaliyyəti ilə məşğul olmaq:
-qanunla müəyyən edilmiş qaydada mitinqlər, nümayişlər, yığıncaqlar və başqa -kütləvi tədbirlər keçirmək;
 -Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış digər funksiyaları həyata keçirmək hüququna malikdir.


II. VHP üzvləri, onların hüquq və vəzifələri

    VHP-nin Məramnaməsini və Nizamnaməsini qəbul edən, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı VHP-nin üzvü ola bilər.
    Siyasi partiyalarda üzvlüyü qanunla qadağan edilmiş şəxslər, habelə digər siyasi partiyaların üzvləri VHP üzvü ola bilməzlər.
    VHP üzvlüyünə qəbul yalnız fərdi qaydada partiyaya daxil olmaq istəyənin yazılı ərizəsinə və partiyanın iki üzvünün zəmanətinə əsasən bölgə (şəhər) təşkilatının Şurası tərəfindən həyata keçirilir.
    VHP Siyasi Şurası lazım bildiyi hallarda müəyyən şəxsləri bilavasitə partiya üzvlüyünə qəbul edə bilər.

 VHP üzvü aşağıdakı hüquqlara malikdir:
partiyanın bütün tədbirlərində iştirak etmək;
partiyanın fəaliyyətinə dair təkliflər vermək, onu müzakirə etmək, bu və ya digər məsələ barədə təşəbbüs qaldırmaq;
vəzifəsindən asılı olmayaraq, partiyanın istənilən üzvünün və orqanının fəaliyyətini tənqid etmək;
partiyanın seçkili orqanlarına seçmək, seçilmək və namizəd irəli sürmək;
partiyanın seçkili orqanının verdiyi səlahiyyət daxilində həmin orqanı təmsil etmək;
partiya sıralarından sərbəst surətdə çıxmaq.

VHP üzvünün vəzifələri aşağıdakılardır:
partiya Nizamnaməsinin tələblərinə sözsüz əməl etmək və partiyanın Məramnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsinə çalışmaq;
partiyanın seçkili orqanlarının qəbul etdiyi qərarları yerinə yetirmək;
partiyanın şərəfini yüksək tutmaq və xalq kütlələri arasında partiyanın ideyalarını yaymaq;
üzvlük haqqını vaxtında vermək.
      VHP-də üzvlük haqqının məbləği partiya üzvünün aylıq əmək haqqının 0,5 faizindən az olmayaraq müəyyən edilir. Partiyaya daxil olan şəxs aylıq gəlirinin 1 faizi miqdarında ilkin üzvlük haqqı ödəyir.
     VHP Nizamnaməsinin tələblərini pozan partiya üzvlərinə aşağıdakı intizam tədbirləri tətbiq edilir:
xəbərdarlıq;
töhmət;
seçkili orqanın tərkibindən çıxarma;
partiyadan xaric etmə.
       VHP üzvü ona tətbiq olunmuş intizam tədbiri haqqında bir ay ərzində nəzarət-təftiş komissiyasına (NTK) şikayət edə bilər. NTK yarım ay ərzində şikayətə baxmalı və qəti qərar qəbul etməlidir.
       VHP üzvlərinə qurultayda təsdiq olunmuş vahid formalı partiya bileti verilir.


III. VHP-nin təşkilat quruluşu və rəhbər orqanları
    VHP-nin struktur vahidi ərazi əlamətlərinə görə yaradılan özək təşkilatlarıdır.      Özək təşkilatı ən azı 5 nəfər partiya üzvünün olduğu yerdə yaradılır və bölgə (şəhər) təşkilatında qeydə alınır.
Bölgə (şəhər) təşkilatı nəzarət-təftiş qrupunun təqdimatı ilə partiyanın Nizamnamə və Məramnaməsini mütəmadi olaraq pozan özək təşkilatını buraxa və yenisini yarada bilər.
     Bölgə (şəhər) təşkilatı özək təşkilatlarının və partiya üzvlərinin sayını nəzərə almaqla, özək təşkilatlarından seçilmiş nümayəndələrin bölgə (şəhər) konfransında (ümumi yığıncağında) yaradılır və VHP Siyasi Şurasında qeydə alınır. Qeydəalınmaya qədər partiya üzvlüyünə qəbulu VHP Siyasi Şurasının səlahiyyətli nümayəndələri aparırlar.
    Bölgə (şəhər) təşkilatı partiyanın Məramnamə və Nizamnaməsini mütəmadi olaraq pozduqda, VHP sədrinin sərəncamlarını, Siyasi Şuranın göstərişlərini, Ali Məclisin qərarlarını müntəzəm olaraq yerinə yetirmədikdə, VHP Ali Məclisi NTK-nın təqdimatı ilə həmin bölgə (şəhər) təşkilatını buraxa və yenisini yarada bilər.
     VHP-nin ali orqanı qurultaydır. Qurultay 3 ildə bir dəfədən gec olmayaraq, VHP Ali Məclisi tərəfindən çağırılır. Növabədənkənar qurultay partiyanın sədrinin, Ali Məclisin bölgə (şəhər) təşkilatlarının yarısının, partiya üzvlərinin beşdə bir hissəsinin tələbi ilə çağırıla bilər.
     Qurultayın təxmini gündəliyi və nümayəndəlik norması növbəti qurultay üçün azı bir ay, növbədənkənar qurultay üçün azı 10 gün öncə elan edilir.
VHP sədri, Siyasi Şuranın və NTK-nın üzvləri qurultayın təbii nümayəndələri sayılırlar.
     Qurultay bölgə (şəhər) təşkilatlarının ən azı üçdə iki hissəsi təmsil olunduqda səlahiyyətli hesab edilir.

VHP-nin qurultayı:
partiyanın Məramnamə və Nizamnaməsini, onlara əlavə və dəyişiklikləri qəbul edir. Bu məsələlər üzrə qərarlar qurultay iştirakçılarının mütləq səs çoxluğu ilə qəbul olunur;
    Ali Məclisin NTK-nın hesabatlarını dinləyir, müzakirə edir və təsdiqləyir.
Növbəti dövr üçün partiyanın başlıca fəaliyyət istiqamətlərini müəyyənləşdirir;
    VHP-nin sədrini, baş katibini, Ali Məclisini və NTK-nı seçir;
Partiyanın rəmzlərini (himn, gerb, bayraq) təsdiq edir.
Qurultayı VHP sədri və ya baş katib aparır. Seçkilər nümayəndələrin istəyinə uyğun olaraq gizli və yaxud açıq səsvermə ilə həyata keçirilir. Qurultayın qərarları (partiya Məramnaməsi və Nizamnaməsi, onlara əlavə və dəyişikliklər haqqında qərarlar istisna olmaqla) sadə səs çoxluğu ilə qəbul olunur.
Ali Məclis öz iclaslarını 3 ayda bir dəfədən gec olmayaraq keçirir. Ali Məclis bölgə (şəhər) təşkilatları idarə heyətlərinin sədrlərindən və onların ümumi sayından çox olmamaq şərti ilə qurultayda seçilən üzvlərdən təşkil olunur və ilk iclasında Ali Məclisin sədrini seçir. Bu prinsipə uyğun olaraq, Ali Məclis kooptasiya yolu ilə öz tərkibini dəyişdirə bilər.
Ali Məclisin növbədənkənar iclası VHP sədrinin, Ali Məclis üzvlərinin yarısının, bölgə (şəhər) təşkilatlarının yarısının, NTK-nın tələbi ilə 10 gün ərzində çağırılır. Ali Məclisin iclaslarını Ali Məclisin sədri, zəruri hallarda isə VHP sədri və ya baş katibi aparır.

VHP Ali Məclisi:
partiyanın Məramnamə və Nizamnaməsinin tələblərini, qurultayın müəyyən etdiyi vəzifələri həyata keçirmək istiqamətində qərar və təlimatlar qəbul edir;
bölgə (şəhər) təşkilatlarından daxil olan məsələlər barədə qərar çıxarır;
NTK-nın təqdimatı ilə bölgə (şəhər) təşkilatlarını buraxır və yenisini təşkil edir;
VHP Siyasi Şurasını seçir;
Partiyanın mətbu orqanlarının rəhbərliyini təsdiq edir;
VHP qurultayının çağırılma vaxtını, yerini və təxmini gündəliyini müəyyən edir;
VHP qurultayının səlahiyyətinə aid məsələlər istisna olmaqla, partiya həyatının bütün digər məsələləri barədə qərarlar qəbul edir.
VHP-nin cari fəaliyyətinə sərəncamverici və icraedici orqan olan 19 nəfərdən ibarət sədr, baş katib və katiblər də daxil olmaqla Siyasi Şura rəhbərlik edir. Siyasi Şura VHP Ali Məclisinin qurultaydan sonrakı ilk iclasında partiya sədrinin təqdimatına əsasən 3 illik müddətə seçilir. Siyasi Şuranın iclasları həftədə bir dəfədən gec olmayaraq keçirilir.
VHP sədri Siyasi Şura üzvlərindən 5 nəfəri müvafiq olaraq, təşkilati, ideoloji, siyasi, beynəlxalq və ictimai əlaqələr, iqtisadi siyasət məsələləri üzrə VHP katibi təyin edir.

VHP Siyasi Şurası:
qurultayın və Ali Məclisin qərarlarını reallaşdırmaq istiqamətində partiya təşkilatlarını idarə edir və onların fəaliyyətini əlaqələndirir;
partiyanın adından veriləcək mühüm bəyanat və müraciətləri hazırlayır;
seçkilərdə və dövlət orqanlarının işində iştirakla bağlı məsələləri həll edir;
partiyanın maliyyə vəsaitindən istifadə haqqında sərəncam verir, icra aparatının strukturunu müəyyənləşdirir, ştat cədvəlini təsdiq edir;
VHP Ali Məclisinin iclaslarını cağırır və onların təxmini gündəliyini müəyyən edir;
partiyanın cari fəaliyyəti ilə bağlı bütün digər məsələləri həll edir.
VHP sədri, baş katibi qurultayda üç illik müddətə seçilir.

VHP sədri:
partiyanın fəaliyyətinə ümumi rəhbərlik edir və bundan ötrü VHP qurultayı qarşısında şəxsən məsuliyyət daşıyır;
dövlət orqanları və idarələrində, digər siyasi partiya və ictimai təşkilatlarla münasibətlərdə, beynəlxalq əlaqələrdə partiyanı təmsil edir, partiya adından müraciət və bəyanatlarla çıxış edir, müqavilələr və sazişlər imzalayır;
VHP icra aparatının işçilərini təyin edir.

VHP-nin baş katibi:
katiblərin fəaliyyətini əlaqələndirir, partiyanın bütün cari işlərinə və icra aparatının işinə bilavasitə rəhbərlik edir;
VHP sədri ilə yanaşı partiyanı təmsil edir;
VHP sədrinin sərəncam və göstərişlərini, Siyasi Şuranın qərarlarını bütün partiya təşkilatlarına çatdırır, onların icrasına nəzarət edir və yoxlayır;
VHP sədri olmadıqda və ya hər hansı səbəbdən vəzifəsini icra edə bilmədikdə, onun bütün səlahiyyətlərini həyata keçirir.
VHP-nin baş katibi partiyanın fəaliyyətinin maddi təminatı, partiya əmlakının saxlanması və qorunması məsələləri ilə məşğul olur.
VHP nəzarət-təftiş komissiyası qurultayda 7-11 nəfər sayda üç il müddətinə seçilir və qurultaydan sonrakı ilk iclasında özünün sədrini və katibini seçir. VHP NTK ayda azı bir iclas keçirir.

VHP NTK:
partiyanın bütün orqanlarının, təşkilatlarının və üzvlərinin fəaliyyətinin VHP Nizamnaməsinə uyğun olmasına nəzarət edir;
VHP üzvlərinə tətbiq edilən intizam tədbirləri ilə əlaqədar şikayətlərə baxıb müvafiq qərar çıxarır;
partiyanın maliyyə işlərinə nəzarət edir;
bölgə (şəhər) təşkilatları nəzarət-təftiş qruplarının işinə rəhbərlik edir.
VHP NTK yalnız partiya qurultayına tabedir.
VHP bölgə (şəhər) təşkilatlarının konfransları (ümumi yığıncaqları) ildə bir dəfədən gec olmayaraq çağırılır. Növbədənkənar konfranslar (yığıncaqlar) bölgə (şəhər) təşkilatı üzvlərinin yarısının, Məclisin, nəzarət-təftiş qrupunun tələbi ilə 15 gün ərzində keçirilir.
Bölgə (şəhər) təşkilatı VHP Məramnamə və Nizamnaməsinə uyğun olmaq şərtilə, bölgə (şəhər) səviyyəli bütün məsələləri həll etməkdə müstəqildir.
Konfranslararası dövrdə bölgə (şəhər) təşkilatının fəaliyyətinə konfransda (ümumi yığıncaqda) nümayəndələrin istəyinə uyğun olaraq gizli və yaxud açıq səsvermə yolu ilə bir il müddətinə seçilən və 3 ayda azı bir dəfə öz iclasını keçirən Məclis rəhbərlik edir. Məclis ilk iclasında öz sədrini, müavinlərini və üzvlərinin üçdə bir hissəsindən çox olmamaq şərti ilə icra orqanı olan Şuranın üzvlərini seçir.
Bölgə (şəhər) təşkilatının nəzarət-təftiş qrupu konfransda (ümumi yığıncaqda) bir il müddətinə seçilir və bilavasitə VHP  NTK-sına tabe olur.
VHP özək təşkilatları özək səviyyəli məsələləri həll etmək üçn ayda bir dəfədən gec olmayaraq ümumi yığıncaq keçirir. Özək təşkilatının cari fəaliyyətinə ümumi yığıncaqda gizli və ya açıq səsvermə yolu ilə bir il müddətinə seçilən özək sədri və müavinləri rəhbərlik edir.
VHP-nin bütün kollegial orqanları (ümumi yığıncaqlar  istisna edilməklə) üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır. Ümumi yığıncağın səlahiyyətli olması üçün üzvlərin yarıdan çoxunun iştirakı kifayətdir.
 

IV. VHP-nin hüquqi vəziyyəti, əmlakı və vəsaiti
VHP və onun bölgə (şəhər) təşkilatları hüquqi şəxslərdir, onlar bankda hesablaşma və digər hesablara, dairəvi möhürlərə, ştamplara və sair rekvizitlərə malikdir.
Nizamnamədən irəli gələn funksiyaları yerinə yetirmək üçün VHP öz adından müqavilələr və sazişlər bağlayır, məhkəmə və arbitrajda cavabdeh və ya iddiaçı qismində çıxış edir.
VHP-nin mərkəzi qərargahı Bakı şəhərində yerləşir.
VHP-nin mülkiyyəti öz vəsaiti hesabına, həmçinin müxtəlif fiziki və hüquqi şəxslərin əvəzsiz yardımları hesabına yaranmış əmlakdan ibarətdir.
VHP-nin vəsaiti aşağıdakı mənbələrdən yaranır:
partiya üzvlərinin ödədikləri üzvlük haqqı;
partiya təşkilatları tərəfindən keçirilən tədbirlərin, partiyanın mətbu orqanlarının və digər nəşrlərinin verdiyi gəlir;
ölkə vətəndaşlarının, müəssisə və təşkilatların ianələri;

seçki kompaniyası xərclərinin ödənilməsi üçün daxil olan vəsait;
aşağı təşkilatların ödəncləri;
qanunla qadağan edilməmiş digər fəaliyyət növlərindən götürülən gəlir.
 

V. Partiyanın fəaliyyətinə xitam verilməsi
VHP yalnız qurultayda, nümayəndələrin ən azı üçdə iki hissəsinin razılığı ilə özünü buraxa bilər. Bu zaman partiyanın əmlakı zəruri hesablaşmalardan sonra qurultayın müəyyən etdiyi qaydada istifadə olunur.

                                                                                           

Bütöv Azərbaycan
Forum
Vətəndaş Həmrəyliyi qəzeti
Arxiv
Site by azDesign.ws
Ana səhifə | VHP haqqında | Nizamnamə | Məramnamə | Rəmzlər | VHP sədri | Rəhbərlik | Ali Məclis | MNTK | Mərkəzi Aparat | Mətbuat Xidməti | Gənclər Təşkilatı | Qadınlar Təşkilatı | Rayon Təşkilatları | VHP Fəalları | VHP-yə üzvlük | Foto qalereya | Seçkilər | Əlaqə