
Fars hökuməti növbəti dəfə soydaşlarımızın hüquqlarönö pozdu
Güney Azərbaycan şəhərlərdə 2006-cı ildə baş verən qanlı may hadisələrinin ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan aksiyaların qarşısının alınması üçün onlarla azərbaycanlı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təkcə mayın 22-də Təbrizdə 12 azərbaycanlı İran xüsusi xidmət orqanı tərəfindən Məhəmməd Fərhadi, Kərim Məhəmmədzadə, Hüseyn Mirzəxani, Firuz Abbasquluzadə, Rza Abbasquluzadə, Səməd Məhəmməd Cəfəri, Əli Xakpur, Yasir Heydərnejat, Höccət Tarıverdiyan, Höccət Muxtarzadə, İbrahim bəy (soyadı məlum deyil), Vəli Abdullahpur, Mürsəl Bəxşi, Mehdi Dehqani və Bəhruz bəy (soyadı məlum deyil) saxlanılıb. Sonradan onlardan bir neçəsi sərbəst buraxılıb. S. M. Cəfəri və K. Məhəmmədzadənin səhhətində isə problem yaranıb. May hadisələrinin ildönümündən bir neçə gün əvvəl isə Əli Sədiqi, Cəmşid Zareyi, Məhəmməd Yerhun, Əhəd Rəzəvi, Həmid Rzayi, və Əkbər Hüseynzadə tutulub. Saxlanılan bu yeddi nəfər haqda isə heç bir məlumat verilməyib. Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Araşdırma və İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, mayın 24-də partiya ilə əlaqədə ittiham olunaraq Təbriz sakini Həsən Əsədi saxlanılıb. Onun Təbriz təcridxanasında işgəncəyə məruz qaldığı bildirilir. Qeyd edək ki, İran dövlətin rəsmi orqanı olan “İran” qəzetinin 12 may 2006-cı il tarixli sayında azərbaycanlıları tarakan kimi təsvir edən karikatura nəşr edilib. Buna etiraz edən azərbaycanlılar isə yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başlayıblar. İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək, etiraz aksiyalarını dayandırmağa nail olublar. Nəticədə 27 nəfər öldürülüb, yüzlərlə adam isə yaralanıb. Bundan sonra isə İran xüsusi xidmət orqanları kütləvi həbslərə başlayıb. Son 2 ildə aksiyalara qatıldığına görə yüzlərlə adam həbs edilib.
Urmiyalı hərəkatçı itkin düşüb
Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri, urmiyalı Həsən Əsədi itkin düşüb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata gözə, hazırda onun harada saxlandığı bəlli deyil. Qeyd edək ki, Həsən Əsədi Abbas Lisani ilə birlikdə Ərdəbildə həbs olunmuşdu. Beş ay müvəqqəti saxlanıldıqdan sonra Təbriz həbsxanasına göndərilən H.Əsədi 80 min dollarlıq vəsiqə ilə azadlığa buraxılmışdı. Bir neçə gündür ki, Həsən Əsədi itkin düşüb, hərəkatçının harada saxlandığı bəlli deyil.
Həbs edilən təbrizli hərəkatçıların adları bəlli olub
Güney Azərbaycanın paytaxtı Təbrizdə yaralanan 2 Milli Hərəkat fəalının adları bəlli olub. GAMOH-un verdiyi məlumata görə, bunlar Kərim Məhəmmədzadə və Məhəmməd Fərhadidir. Onlar mayın 21-də həbs edilmişdilər. Hüseyn Mirzəxanlı, Firuz Abbasquluzadə, Rza Abbasquluzadə, Səməd Məmməd Cəfəri, Əli Xaknur, Yasir Neydərnejad da yaralı vəziyyətdə yaxalanıblar.
Xoylu tələbələr azadlığa buraxılıb
Xoy şəhərində həbs edilən 6 tələbədən 5-i azadlığa buraxılıb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "Olaylar"a daxil olan məlumata görə, onlar 6 min ABŞ dolları məbləğində girov qoyublar. Həbsdə saxlanan 1 hərəkat fəalının hazırda harada olduğu bəlli deyil. Onun hələ də ETTELAAT-ın zindanında saxlanıldığı güman olunur.